simaAvqust 13, 2008 22:20
Həyata atılanda,
Yaman nikbin oluruq:
Dəyişkən, nəşəli, şirin arzular
Içimizdə tüğyan edir
Fırtınalartək.
Uca-uca dağları,
Keçilməz dəryaları
Əminik ki, fəth edəcik,
Ram edəcik,
Sonra da qatlayıb qoyacıq dizi üstə.
Fəqət həyat
Aydın yolu dolaşdırır,
Qarışdırır,
Gizli-sirli labirintə çevirir,
Bizimlə amansızcasına məzələnir,
Arzumuzu əlimizdən alır,
Qanaya-qanaya ürəkdən qoparır...
Nə edək,
Ümidi kəsək, həyatdan küsək,
Təslim olaq uğursuzluğa?
Yox.
Bəs nə edək?
Gülərək-ağlayaraq,
Həyatı öyrənək,
Yaşamağı öyrənək...
Səninlə görüşəndən sonra
Qanadlanıb uçuram,
Buludlara qalxıram,
Ordan da - sayrışan ulduzlara.
Asimanda dövrə vurub
Dənizə enirəm,
Ləpələrlə oynayıb
Balıqlarla şütüyürəm....
Ah!
Birdən ayılıram.
Bu yuxu imiş,
Gözəl bir yuxu...
Gülümsəmək,
Qucaqlayıb öpmək,
Diqqətlə dinləmək ürəyimdən qopan sözləri,
Qızıl qiymətinə olan vaxtından ayırmaq,
Sevincini bölüşmək
Son çörək dilimi kimi,
Gözləmədiyin uğurlarımı görmək,
Səhvlərimə fikir verməmək
Çətinmi səninçin, sevgilim?
Çətin...
Küçəmizin evdar qadınları
hər gün axşam
gözlərini və özlərini
pəncərələrə dürtərək
həyətin ortasında ucalmış
təkəbbürlü göydələnə baxırlar.
Orda
pəncərə önündə sevişən
yaşlı kişiylə gənc qızın
eşq tamaşası başlanır
hər gün axşam.
Aşiqlər
hər şeyi unudaraq
milli dəyərlər adlanan
kiflənmiş fikirlərə tüpürərək
bəlkə də qəsdən
pərdələri açıq pənçərə önündə
sevişirlər.
Kinodur elə bil.
Onlar yaxşı bilirlər:
həyatları
mətbəxdən
TV ekranından ibarət olan qadınlar
şüşələrə qısılaraq
göydələndəki eşq macərasını
sonsuz serial kimi
hərisliklə izləyirlər.
Nə fərqi var
hardadır görüntü -
pəncərə də
TV ekranı kimi dördkünc...
Yay günəşi üfüqdə itir,
qaralır göydəki tənbəl buludlar,
rəngini dəyişir qoca ağaclar,
küçəyə əcayib kölgələr düşür...
Hər pəncərə önündə
bir qadın
hər gün
tənhalıqdan üşüyür...
ÖLÜ
Birisi ehtiyatlanırdı
Naməlum yad hissləri
Ürəyindən qovurdu
Elə bilirdi ki,
Ürəyini boş saxlasa,
Sevgidən heç vaxt ölməyəcək,
Daha bilmirdi ki,
Ölülər ölmür...
Davamı...