***
Uşaq əvəzinə
şeir doğan qadın...
Ünvansız gözəllik...
***
Səsinin səsini
külək ürəyimə vurdu,
ürəyinin istisini -
dodaqlarıma.
Hardasan?
***
Gecə
duyğuların yuxuma girmişdi,
iradəmi zəbt etmişdi.
Səhər anladım ki,
ruhum da əsir...
***
Son imdad fəryadıyla
şüşəyə çırpılan yarpaq
mənə kimi xatırladır...
***
Sevgim bir damlaya dönüb
sinənə düşsə,
neylərsən...
***
Yuxudan oyandım -
yoxsan...
Bəs gecə
sevgidən
ölən kim idi?..
***
Vaxt vardı -
bircə təbəssümün
buludları yarardı,
indi
nə qədər gülsən də
zülmət çəkilmək bilməyir...

simaNoyabr 19, 2008 22:33
Zaman gəlib çatanda,
Tərk edib ata yurdunu
Yollanırıq geniş həyat yollarıyla
Səadətlə dolu üfüqlərə sarı.
Elə bilirik
Müstəqil həyatımızda
Qərarları elə biz özümüz
Qəbul edirik,
Öz dünyamızı
Günəş nurunun sevinciylə
Bəzəyirik,
Fəqət üstümüzə
Təlqinlər leysanı yağır...
Sinədəki hərarətli ürək,
Beyindəki canlı fikirlər
Qoymur çevrilək əclaflara,
Amma nədən göz yaşlarını
Gizlədirik ovuclarda?..
Hamı bizi axmaq sayır...
Neynək,
Demək, ağıllı maskasını taxıb
Müharibələr etmək,
Neftiylə öyünən ölkələri
Xarabalığa çevirmək,
Pullarımızla
Qırmalıyıq sadəlövh insanları,
Bəlkə elə indidən
Sataq ruhsuz ağıllılara
Gələcəyin uşaqlarını,
Qoy əjdahalara yem olsun
Süd ətirli körpələr...
Sonra heç kim
Deməsin ki,
Biz
Sizin kimi
Deyilik...

simaOktyabr 28, 2008 22:00
Yuxuya həsrət gözlərimi
Nəhayət ki, yumanda
Asimanda darıxan ulduzlar
Bəbəklərimin içinə axır.
Duyuram
Qar dənəcikləritək
Kövrək sözlərin rəqsini,
Yağmayan qarın,
Rəngli xəyalların ətrini,
Hər şey qarmaqarışıq
Dalinin rəsmləri kimi...
Bu xaosun içində
Şeirlər yaranır,
Yuxumdan büllur sırsıratək sallanır,
Ətrafıma dolmuş sözlər
Misralara axmaq istər,
Çırpınar,
Birinci olmaq həvəsiylə...
Bütün bunlar
Yuxumu, gerçəkmi,
Bilməm ki...

simaOktyabr 1, 2008 16:02
Gərək
Qaranquşların uçduğu göylərə qalxaq,
Asimanın ortasında parlayan
Yaz buludlarına baxaq,
Gecələr
Zülmətin darçın ətrindən məst olaraq
Axan bir ulduz tapıb
Ürəyimizdə arzu tutaq.
Gərək sevincdən
Göy qurşağı kimi rənglənək,
Baş vuraq sarıya, yaşıla, narınca,
Günəşin bir zərrəsi olaq,
Rədd edək acı kədəri.
Gərək incik dostun səsini eşidək,
Hissləri təmizləyək şübhələr qatından,
Nuru kənarda axtarmayaq,
O nur bizim içimizdə.
Gərək ürəyimizdə gizlənən sevgini
Dilimizə gətirək,
Deyək,
Doğma gözlərə baxaraq:
-Sənsiz yaşaya bilməm...

simaSentyabr 19, 2008 19:35
Gəl, bu gün,
Məhz bu gün
Gündəlik qəzetləri cırıb ataq,
Səhifələrdən axan xəbər bombalarıyla
Maraqlanmayaq,
Çıxmayaq
Cəhənnəm kimi uğuldayan
Izdiham arasına,
Baxmayaq
Səs-küy içində boğulan insanlara,
Söndürək
Ölümləri evlərə dolduran TV-ləri,
Elektron sevgilimizə çevrilmiş
kompüterləri...
Bir müddət susaq.
Qalaq göz-gözə.
Baxaq cizgilərini unutduğumuz
Doğma üzlərə.
Soraq bir-birimizdən –
Hanı sənin təbəssümün,
Hanı sevgin, duyğuların,
Divanə ürəyin hanı?..

simaAvqust 29, 2008 21:25
Qıfıl ürək
Ürəyin bir qıfıldır,
Hisslərimsə açarlar,
Açıram ürəyinin qatlarını,
Axtarıram dərində gizlətdiyin
Duyğularını.

Sevgi oyunların qurtarmır,
Ürəyin hisslərimlə
Qaçdı-tutdu oynayır...
Davamı...
Həyata atılanda,
Yaman nikbin oluruq:
Dəyişkən, nəşəli, şirin arzular
Içimizdə tüğyan edir
Fırtınalartək.
Uca-uca dağları,
Keçilməz dəryaları
Əminik ki, fəth edəcik,
Ram edəcik,
Sonra da qatlayıb qoyacıq dizi üstə.
Fəqət həyat
Aydın yolu dolaşdırır,
Qarışdırır,
Gizli-sirli labirintə çevirir,
Bizimlə amansızcasına məzələnir,
Arzumuzu əlimizdən alır,
Qanaya-qanaya ürəkdən qoparır...
Nə edək,
Ümidi kəsək, həyatdan küsək,
Təslim olaq uğursuzluğa?
Yox.
Bəs nə edək?
Gülərək-ağlayaraq,
Həyatı öyrənək,
Yaşamağı öyrənək...
Səninlə görüşəndən sonra
Qanadlanıb uçuram,
Buludlara qalxıram,
Ordan da - sayrışan ulduzlara.
Asimanda dövrə vurub
Dənizə enirəm,
Ləpələrlə oynayıb
Balıqlarla şütüyürəm....
Ah!
Birdən ayılıram.
Bu yuxu imiş,
Gözəl bir yuxu...
Gülümsəmək,
Qucaqlayıb öpmək,
Diqqətlə dinləmək ürəyimdən qopan sözləri,
Qızıl qiymətinə olan vaxtından ayırmaq,
Sevincini bölüşmək
Son çörək dilimi kimi,
Gözləmədiyin uğurlarımı görmək,
Səhvlərimə fikir verməmək
Çətinmi səninçin, sevgilim?
Çətin...
Arzularım çoxdur,
Göydəki ulduzlar qədər,
Biri həyata yetməmiş,
O birisi pərvazlanır.
Hərdən həsəd hissi
Qəlbimi yaman oynadır,
Istəyirəm arzularım
Elə bu an,
Bu dəqiqə
Reallaşsın...
Rəvan, təmkinli ağlım
Coşan qəlbimi asta-asta nizamlayır,
Bu qədər tələskən olma, deyir,
Hər şeyin öz vaxtı var.
Bəs hüdudsuz arzular? – ürək rahatlıq tapmır.
Beləcə çəkişir ağlımla ürək,
Beləcə döyüşür ürəklə ağıl.
Biri deyir, arzuların boş xəyaldır,
Biri deyir, yox-yox, onlar çox realdır...
Həmişə belə olur:
Ağıl ürəyi qəfəsə salır,
Ürək ağlı qıfıllayır...