26.09.2008 tarixdə Novaya Literatura rus saytında mənim bir hekayəm yerləşdirilib. Maraqlananlar elektron ədəbiyyat jurnalının
http://newlit.ru/ səhifəsinə və şəxsən mənim
http://newlit.ru/~ennagi/3532.html səhifəmə baxa bilərlər.
26.09.2008 tarixdə Novaya Literatura rus saytında mənim bir hekayəm yerləşdirilib. Maraqlananlar elektron ədəbiyyat jurnalının
http://newlit.ru/ səhifəsinə və şəxsən mənim
http://newlit.ru/~ennagi/3532.html səhifəmə baxa bilərlər.
* Rusiya yazarları Prezidentə məktub yazaraq kitabxana işinə aid Qanunda dəyişilik etməyi xahiş edirlər. Qanuna əsasən, 2 il ərzində bütün kitabxanalar elektronlaşmalı və bütün kitablar (əsərlər) İnternet məkanına daxil olmalıdır. Yazarların fikrincə, bu onların müəllif hüququnun pozulması deməkdir, çünki elektron kitablar olan yerdə, təkrar nəşrlərə ehtiyac qalmır, bununla da yazarlar çörək ağaclarından məhrum olurlar. Yazıçılıq gəlir gətirməyən sahəyə çevrilir; yaxud pul qazanmaq istəyən yazarlar daha sürətli işləməli, hər ay yeni elektron kitablar yazmalıdırlar ki, acından ölməsinlər. Bu isə mətnin keyfiyyətini hökmən aşağı salacaq.
P.S. Biz də isə, elekronlaşdın, ya yox, fərqi yoxdur, yaradıcılıq hələ də qazanc gətirmir, detektiv və sevgi romanları yazmağa isə həvəs olmur
* Britaniyada ən gülməli kitab adı seçilib. “Yunanıstan kəndlərinin poçtalyonları və onların marka möhürlərinin nömrələri” broşürası tam qalibiyyət əldə edib. Belə müsabiqələr 1978-ci ildən etibarən hər il keçirilir. Bookseller kitabsatışı jurnalının saytını ziyarət etmiş oxucular 30 ən məzəli kitab adını seçiblər. Onların arasındakı “dahi” adlar:
· Lüt siçanlar üzrə İkinci beynəlxalq konfransın materialları
· Münasibətlərin yaxşılaşmasını istəyirsinizsə, öz ayaqlarınızdan başlayın
· Öldüklərini bilməyən insanlar: onlar heç nədən şübhələnməyən adamlara necə yapışır və bununla nə etməli
P.S. Yəqin, bizdə nəşr edilən kitablarda da maraqlı və “düşündürücü” adlar olmamış deyil...
“Oyuncaqların üsyanı” adlı ilk şeir kitabım
“Qanun” nəşriyyatında çapdan çıxıb.
Maraqlananlar kitabı “Qanun” nəşriyyatının
kitabxana bölməsindən
(“Azərbaycan” kinoteatrının yanı, City Centre, II
mərtəbə)
və “Akademiya” Kitab Mərkəzindən
(“Azərbaycan” kinoteatrının yaxınlığında),
eləcə də "Alma" qəzetinin redaksiyasından
əldə edə bilərlər.
Oxuyun və fikrinizi bildirin!
15.08.08 tarixdə, saat 14-00-də Akademiya Kitab Mərkəzində “Alatoran” jurnalının 5 illik yubileyinə həsr edilmiş tədbir keçirildi. Dəvət olunanların arasında yazarlardan Rafiq Tağı, Həmid Herişçi, Azad Yaşar, Seymur Baycan, Qan Turalı və başqaları, naşir Şahbaz Xuduoğlu, Açıq Cəmiyyət İnstitutunun nümayəndəsi Cahangir bəy, eləcə də dalğaçı-gənclər vardı.
Alatoranın press-relizində yazılmışdı:
“2003-cü ilin 17 avqustunda, tam 5 il öncə “Alatoran” adlı həftəlik ədəbiyyat qəzeti yayınlanmağa başladı. Sonra, 2004-cü ildən isə jurnal şəklində işıq üzü gördü, bu günə qədər 13 sayı dərc edildi.“Alatoran” ədəbiyyat mühitində mübahisələr açdı, çoxdan durğunlaşan bu göldə ruzigarlar əsdirdi, başqa cür düşünənlər meydana çıxdı. “Alatoran” inkarçı gəncliyin tribunası oldu. Əvvəllərdə olduğu kimi “hər kəsin oxuyub qəbul etdiyi” əsərlərin yerinə, indi “hər kəsin oxuduğu, lakin qəbul etmədiyi”, ictimai zövqə aykırı əsərlər ortaya çıxdı.
“Alatoran” jurnalı Azad Yazarlar Ocağının orqanıdır, bu təşkilatda 50-yə yaxın gənc yazıçı və sənət adamı birləşib. Bu birliyin əsasında yalnız istedad, sərbəst yaradıcılıq münasibətləri dayanmaqdadır.“Alatoranı” sevməyənlər yox deyil. Bəli, Alatoranın yandırıcı bir atəşi var ki, zəiflər onu atlaya bilmir.
Alatoran jurnalı bütün dünyada yaşayan yeni düşüncəli yazarları axtarıb tapmaqdadır. Hal-hazırda Amerikada (Azər Əhmədov), Almaniyada (Əziz Səlami), Norveçdə (Siyamək Səbri), Finlandiyada (Güntay Gəncalp, İlahə Ucaruh), Fransada (Fuad Zərbiyev), Britaniyada (Babi Badalov, Zeyqam Əzizov) yaşayan, habelə Güney Azərbaycandan olan onlarla müəllif Alatoran jurnalının daimi yazarlarıdır. Almaniyada yaşayan Güneyli yazar Əziz Səlami bir məktubunda yazmışdı: “Mən Alatoranı tapmaqla bir quşun uça biləcəyi qöyü tapmış kimi oldum. Mənim dilimdə yazanların belə bir dünyaya can atması uzun illər boyu arzum olmuşdur və Alatoran bu arzumun gerçəkləşməsi demək olmuşdur”.
Bir quşun uça biləcəyi göyü tapması – nə gözəl ifadə edilmişdir. Azərbaycan yazıçısına bu sərbəst fəzanı heç zaman, heç bir yerdə verməyiblər”.
Tədbiri “Alatoran” jurnalının redaktoru Rasim Qaraca açdı. O, jurnalın yaranma tarixindən tədbir iştirakçılarına məlumat verdi, özünün “Hər şey yaxşı olacaq” şeirini akkordeonun müşayiəti altında oxudu. Akkordeonu bir rus kişisi çalırdı. Romantik müsiqi sədaları altında özümüzü Parisin ədəbi salonlarında hiss etdik sanki...Sonra R.Tağı, H.Herişçi, A.Yaşar, Cahangir bəy xoş sözlərini dedilər. Başındakı tünd-göy pilotkası ilə ingilis müğənnisi Elton Conu xatırladan H.Herişçi qısa və dinamik nitqini fransızca bir şüarla bitirdi: “Ya inqilab, ya ölüm!” Yəni, postmodern virtuallığından modernin reallığına çıxmaq.
Naşir Şahbaz Xuduoğlu anderqraund nümayəndələrini zorən, ya da könüllü surətdə yerin altına girmiş göstəbəklərə oxşatdı və tövsiyyə etdi ki, qaranlıqda xaotik ədəbiyyat yaratmaqdansa, işığa çıxıb, naşir və oxucuların diqqətini çəkəcək əsərlər yaratmaq lazımdır.
Rəsmi hissə başa çatandan sonra xatirə fotoları çəkildi, dalğaçı gənclər “Azad olmuş qadın” performansını göstərdilər. Hamıya Alatoran jurnalının müxtəlif sayları paylandı.
P.S. Alatoranın 5 illik yubileyi Şirvanşahlar Sarayının həyətində bayram edilməli idi, amma Mədəniyyət və Turizm Nazirliyi buna icazə vermədi. “Bir quşun uça biləcəyi göyü tapması” bizdə o qədər də asan deyilmiş...
P.P.S. Tədbir zamanı mən hərdən gözümü Kitab Mərkəzinin iri vitrinlərindən küçəyə zilləyirdim. İçəridə ədəbiyyatımızı yaşatmaq üçün edilən çabalardan danışarkən küçədən keçən laqeyd insanlar öz xırda dünyalarının qayğıları ilə vuruşmaqda idi. Hardansa peyda olmuş sarı müşəmbə jiletli qoca süpürgəçi erkən xəzanla birgə sanki sözlərimizi də süpürüb atırdı...

HƏR NƏ OLURSA OLSUN, 5 YAŞIN MÜBARƏK, ALATORAN!
93 yaşlı britaniyalı qadın Lorna Peyc “Təhlükəli zəiflik” adlı erotik roman yazıb. Bu əsər qocalar evində yaşayan müəllifin həyatını tamamilə dəyişdirib. Missis Peyc dünyanın ən yaşlı “gənc” nasiridir. Kitabın çapından qazanan pula Lorna Peyc Alp dağlarının ətəyində özünə ev alıb, üç rəfiqəsini də ora dəvət edib ki, bir yerdə şən yaşasınlar. “Qocalar evi çox darıxdırıcı yerdir, bütün günü oturub pəncərəyə baxırsan, danışmağa bir adam da tapmırsan” – gənc nasir deyir.Əslində, Peyc əli qələm tutandan yazır, bu vaxta qədər o, şeir və məqalələrini çap etdirib, amma romanını oxuculara təqdim etməyə cəsarəti çatmayıb. Gəlini qaynanasını inandırıb ki, kitab çap olunsa, uğur qazanar. Uğur da göz önündə...
***
ABŞ prezidentliyinə namizəd Barak Obama özünün siyasi proqramı haqqında kitab yazıb. “İnana biləcəyimiz dəyişiliklər. Obamanın Amerikaya verdiyi vədlərin yerinə yetirilməsi planı” adlanan kitab sentyabrın əvvəlində 300 min tirajla çıxacaq. Kitab 14 dollara satılacaq.
***
ABŞ-da tanınmış Fələstin şairi Mahmud Dərviş vəfat edib. M.Dərviş ürək əməliyyatından sonra yaranmış fəsadlardan 67 yaşında dünyasını dəyişib. 50 illik yaradıcılıq dövründə o, 20 kitab yazıb. 2003-cü ildə M.Dərviş Erix-Mariya Remark adına Sülh Mükafatını alıb.
Tanınmış qırğız yazıçısı Ç.Aytmatov Kazanda xəstəxanaya yerləşdirilib. 79 yaşlı Aytmatov Tatarıstanın Prezidenti və onu sevən oxucularıyla görüşməliydi. Aytmatov böyrək çatışmazlığı səbəbindən Respublika klinikasındadır.Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatov Tatarıstana üç günlüyə gəlmişdi, özü də “Rossiya” telekanalının çəkiliş qrupu ilə birgə. Burda yazıçı haqqında sənədli film çəkilməliydi. Aytmatov Tatarıstanın Burbaş və Maskara kəndlərinə gedib, məxsus olduğu İşman nəslinin 13 nümayəndəsinin qəbrini tapmalıydı. Məşhur yazıçı 1928-ci ildə Qırğızıstanın Şəkər qışlağında doğulub, jurnal redaktoru işləyib, 1994-cü ildən Benilüksdə və Fransada Qırğızıstanın səfiri olub.
