Adam illərlə YUNESKO-da işləyib, 5 mümkün dərəcədən 3-cü dərəcəyə qədər qalxıb, amma nə fayda? Cənab Abutalıbov illərlə Parisdə yaşasa da, qərb təfəkkürü, qərb düşüncəsi, qərb mədəniyyəti onun milli mentalitetini zərrə qədər də dəyişməyib. Afərin belə “oğullara!”
“O, bütün həyatını vətənə oğul borcu bilib. Uzun illər YUNESKO-da SSRİ-ni təmsil etsə də, əslində, öz Azərbaycanı üçün işləyib” – “525-ci qəzet” belə yazır. Soruşan gərək, məgər Azərbaycan dədə-baba mülküdür ki, hərə onu öz(əl)ləşdirsin? Vətən üçün ürəyiniz belə yanırsa, qatlayın barmaqlarınızı, deyin görək, axı nə etmisiz... Moskva Xarici Ticarət Akademiyasını bitirmiş, illərlə Kommunist Partiyasının Mərkəzi Komitəsində şöbə müdiri işləmiş, sonra da Parisə getmiş bu adam görün nə deyir: “... bütün xalqlar imperiyaya müxtəlif üsul və vasitələrlə öz etirazlarını bildirirdilər. Amma biz bu aksiyalarda iştirak etmirdik və imperiyaya sadəcə sadiq idik”. Əlbəttə, cənab Abutalıbov imperiyaya sadiq olmasaydı, Parisi ancaq yuxuda görə bilərdi. Az-maz etiraz etməyə cürət edənlər isə zindanlarda çürüyürdü.
Və sonda azərbaycanlıların Rusiyada təsirini artırmaq məqsədilə dahi bir təklif: “...kütləyə, sıravi vətəndaşa daha çox şou-biznes nümayəndələrinin təsir etdiyini nəzərə alsaq, görərik ki, Rusiyada azərbaycanlıların təsir gücü azdır. Bir müğənninin (fikir verin – yazıçının, rəssamın, alimin yox) piarı üçün milyonlar tələb olunur. Odur ki, azərbaycanlı iş adamları irəli düşməlidirlər. Özü də kampaniya təkcə musiqiylə kifayətlənməməlidir, ...teleseriallara da kütləvi maraq var. BU GÜN BÜTÜN PROBLEMLƏRİN HƏLLİ, BAĞLI QAPILARIN AÇARI MALİYYƏYƏ SÖYKƏNİR. PUL DA Kİ, MAŞALLAH, VARIMIZDI”.
Bizi YUNESKO-da təmsil etmiş bu qocaman partokrat Azərbaycanı yalnız bu şəkildə tanıtmağa üstünlük verirsə, daha nə deyək... Yəqin o, heç vaxt evdən çıxmır, yoxsa bir qarın çörəkdən ötrü qul bazarında iş axtaran ali savadlı insanlarımızı, dilənən uşaqları, ailəyə yük olmamaq üçün 15 yaşında ərə verilən qızları görərdi...
2003-cü ildən etibarən 21 may bütün dünyada dialoq günü kimi qeyd edilir. Amma biz monoloqa meyilliyik, təki biz danışaq, hamı da qulaq assın! Cəmiyyətiimizin və insanlarımızın avtoritar olması, bəlkə də monoloqa sevgidən irəli gəlir. İllərdir ki, dərs dediyim uşaqlara dialoq vərdişlərini aşılamağa çalışıram, amma hardan... Uşaqlar evdə gördükləri davranış nümunələrini qeyri-ixtiyari olaraq yamsılayırlar. Bunu dəfələrlə müşahidə etmişəm. Valideyn məktəbə gələndə, inanın ki, imkan vemir bir söz də biz deyək. Elə hey danışır - uşağından başlayıb ailə problemlərinə qədər açır sandığı, tökür pambığı...
Hərdən sinifdə hay-küy artanda elə bilirəm uşaqlar dalaşır, qaçıb gəlirəm - demə, uşaqlar hansısa müğənnini, serialı, ya da futbolçunu müzakirə edirlər böğazlarını cıra-cıra. Hamı birdən danışır, eşidən yox. Dialoq mədəniyyəti, başqasının fikrini sadəcə dinləmək bacarığı yoxdur bizimkilərdə, heyif...
Bəlkə biz dialoqu sevsəydik, bu qədər incikliklər, münaqişə olmazdı. Bəlkə sevən-sevilənlərin sayı da artardı, əgər bir-birimizlə səmimi söhbət edə bilsəydik (ikibaşlı danışmadan, mənasız atmacalarsız...)
Yaşasın dialoq!!!
Dilənçi qadın
Səhərdir.
Boş küçələr hələ
Yuxulu vəziyyətdədir.
Şehdən nəmlənmiş
Çirkli pillələr üstə
Bir qarı əyləşmiş.
Qarı
Manikür tanımayan
Zəhmətkeş əlini
Hərdən
Cırıq yaylığı altından
Uzadaraq
Solğun ovucunu açır,
Özünəmi,
Tənha yolçularamı
Nəsə pıçıldayır,
Onun gözləri dibindən
Sonsuz dərd
Ac köpəktək
Ümidlə
Insanlara baxır...
Davamı...
