Qısa xəbərlər
93 yaşlı britaniyalı qadın Lorna Peyc “Təhlükəli zəiflik” adlı erotik roman yazıb. Bu əsər qocalar evində yaşayan müəllifin həyatını tamamilə dəyişdirib. Missis Peyc dünyanın ən yaşlı “gənc” nasiridir. Kitabın çapından qazanan pula Lorna Peyc Alp dağlarının ətəyində özünə ev alıb, üç rəfiqəsini də ora dəvət edib ki, bir yerdə şən yaşasınlar. “Qocalar evi çox darıxdırıcı yerdir, bütün günü oturub pəncərəyə baxırsan, danışmağa bir adam da tapmırsan” – gənc nasir deyir.Əslində, Peyc əli qələm tutandan yazır, bu vaxta qədər o, şeir və məqalələrini çap etdirib, amma romanını oxuculara təqdim etməyə cəsarəti çatmayıb. Gəlini qaynanasını inandırıb ki, kitab çap olunsa, uğur qazanar. Uğur da göz önündə...
***
ABŞ prezidentliyinə namizəd Barak Obama özünün siyasi proqramı haqqında kitab yazıb. “İnana biləcəyimiz dəyişiliklər. Obamanın Amerikaya verdiyi vədlərin yerinə yetirilməsi planı” adlanan kitab sentyabrın əvvəlində 300 min tirajla çıxacaq. Kitab 14 dollara satılacaq.
***
ABŞ-da tanınmış Fələstin şairi Mahmud Dərviş vəfat edib. M.Dərviş ürək əməliyyatından sonra yaranmış fəsadlardan 67 yaşında dünyasını dəyişib. 50 illik yaradıcılıq dövründə o, 20 kitab yazıb. 2003-cü ildə M.Dərviş Erix-Mariya Remark adına Sülh Mükafatını alıb.


