Mələk sevgisini uydurmaq asanmı?
“Yazar” qəzetinin son buraxılışında (N 8) şair Yafəs Türksəsin şeirləri “Mələk sevgisi uydururam” psevdopoetik başlığı altında çap edilmişdi. Özünü şeir ustadı sayan, yazarları intellekti və istedadına görə reytinqləşdirən Y.Türksəsin öz şeirlərinin tərtib etdiyi reytinq meyarlarına nə qədər uyğun olduğunu təyin etməyə cəhd göstərək.

Qəzet səhifəsindəki birinci şeir “Dünyanın ən zərif çiçəyinə” adlanır. Stereotip ehtimala görə təxmin etmək olar ki, şeirdə söhbət zərif qadından, mələkdən və bu kimi incə nəcnələrdən gedəcək. Amma elə ilk misradan –
Ağlayıb yalvarıram ürəyimdə ağlayan sevgiyə,
Əzməsin sevgim göz yaşlarıyla dünyanın ən zərif çiçəyini, -
məlum olur ki, demə, ən zərif çiçək - lirik qəhrəmanın iztirabla dolu öz ürəyi imiş. Sonrakı misralarda qəhrəman transa düşmüş şaman kimi elə hey “çevir tatı, vur tatı” üslubunda ah-nalə edir:
Bir sevgi uydururam...
Özümü də təzədən uydururam...
O mələyi də təzədən uydururam...
Trans hələ də davam edir:
Yazıq ürəyim, çox çəkdin insan sevgisi əzablarını...
Çək indi də mələk sevgisi əzablarını...
Çox çəkdirmisən mənə uydurduğun insan sevgisi əzablarını
Indi də çəkdirirsən mənə mələk sevgisi əzablarını...
Sən çək indi də uydurduğum bu sevginin əzablarını
Çək, çək indi də uydurduğum bu mələk əzablarını...
Bu minvalla şeir (bəlkə də poema) bir müddət də davam edir və sonda
Axı çoox dözmüşəm sən yaratdığın sevgilərin əzablarına! -fəryadı ilə bitir.
Yəqin, Y.T. anlamında sevgi çörək kimi bir şeymiş, onu kimsə yapır və çiy xəmir mədə sancılandıran kimi, bu əldəqayırma sevgi də “dünyanın ən zərif çiçəyini” iztirablar girdabına atır. Nə deyək... Şair, çiy xəmir yemə! J
İkinci şeir “Xoş gəldin məhəbbət, köhnə tanışım” adlanır. Ümumi mövzu belədir ki, lirik qəhrəman köhnə məhəbbəti ilə rastlaşanda qaşlarını çatıb düyünləyir (yəqin, sevgilisini qorxutmaq üçün, axı hələ Məşədi İbad deyirdi ki, arvad kişidən nə qədər qorxsa...), axşamlar kövrəlib ağlayır (yəqin, qaşdüyünləmə nəticə verməyib), qonşuların salamını dilucu alır. Köhnə məhəbbət qəhrəmanı o qədər girinc edir ki, o “ta sevgi şeiri də yaza bilmir”, yalandan gülür. Əcəba, qəhrəmanı bu cahanmiqyaslı iztirablara nə vadar edir? Çağırılmamış qonaq kimi şairin ürəyinə girmiş köhnə tanış – köhnə məhəbbət.
Çırpınır ürəyim, dözmür arabir
Yaralı quş kimi uçur üstümə!
Çaşıb ayaqlarım, sərxoş kimidir
Əllərim yellənir gəlir üstümə.
Bu hiss o qədər güclüdür ki, qəhrəmandan xəbərsiz onun bədən əzaları xəyanət edərək müstəqil həyat sürürlər, gah uçur, gah yellənirlər.
Yafəs Türksəsin sevgi şeiri yazmaq cəhdləri davam edir. Növbəti şeir “Axx, ögey tale!” adlanır. Bu “axx” sözündə iki “x” hərfi “ax” nidasının nə qədər içdən, bədənin ən dərin guşələrindən gəldiyinə (bəlkə də hayqırdığına) “poetik” bir işarədir. Şeirlərini sərbəst vəzndə yazmaq istəyən Y.T. klassik şairlərin ənənəsinə sadiq qalaraq, taleyindən şikayətlənir. O, nə arvad-uşaqdan razıdır, nə də ev-eşiyindən. Şair daxma əvəzinə sarayda yaşamalı, adi qadın əvəzinə su pərisini sevməliymiş... Amma o unudur ki, su pəriləri Neptunları seçər...
Uf, bu didaktik şeirlər məni yordu. Şairin digər şeirlərini oxusam da, süni iztirablarla dolu, cüzi poetiklikdən belə əsər-əlamət olmayan şeirləri təhlil etməyə həvəsim qalmadı.
Ax, ögey şeirlər... J



MARAQLI IDI TEWWEKUR EDERIM
Avqust 14, 2008 1:00