ARZULAR
Arzularım çoxdur,
Göydəki ulduzlar qədər,
Biri həyata yetməmiş,
O birisi pərvazlanır.
Hərdən həsəd hissi
Qəlbimi yaman oynadır,
Istəyirəm arzularım
Elə bu an,
Bu dəqiqə
Reallaşsın...
Rəvan, təmkinli ağlım
Coşan qəlbimi asta-asta nizamlayır,
Bu qədər tələskən olma, deyir,
Hər şeyin öz vaxtı var.
Bəs hüdudsuz arzular? – ürək rahatlıq tapmır.
Beləcə çəkişir ağlımla ürək,
Beləcə döyüşür ürəklə ağıl.
Biri deyir, arzuların boş xəyaldır,
Biri deyir, yox-yox, onlar çox realdır...
Həmişə belə olur:
Ağıl ürəyi qəfəsə salır,
Ürək ağlı qıfıllayır...


"Ürəklə ağlın (sufilərdə eşqlə ağlın) davası" motivi qədim bir motivdir. Belə görünür ki, həm də əbədi...
Sonluq çox yaxşıdır:
Ağıl ürəyi qəfəsə salır,
Ürək ağlı qıfıllayır...
Və bu çarpışmanın sonu, sonucu yox...
Uğurlar, Sima xanım!
İyul 8, 2008 0:08